Sumqayıt Bələdiyyəsində layihənin ətraf mühitə təsirləri müzakirə olunub
Xəzər suyunun duzsuzlaşdırılması zavodu ilə bağlı mühüm görüş baş tutub.
Sumqayıt Bələdiyyəsində “Xəzər Dəniz Suyunun
Duzsuzlaşdırılması Zavodu” layihəsi çərçivəsində Ətraf Mühit və Sosial Təsirlərin
Qiymətləndirilməsi (ƏMSTQ) mövzusunda geniş tərkibli görüş keçirilib.
Denmedia.az xəbər verir ki, görüşdə Sumqayıt Bələdiyyəsinin
sədri Adil Xudadatov və layihə üzrə məsul nümayəndələr iştirak ediblər.
Toplantı zamanı layihənin əsas sənədləri təqdim olunub, texniki detallar, mərhələlər
və icra mexanizmləri ətraflı müzakirə edilib.
Mütəxəssislər Xəzər dənizindən suyun duzsuzlaşdırılması
prosesinin mahiyyəti, texnoloji üstünlükləri və perspektiv inkişaf imkanları
barədə məlumat veriblər. Qeyd olunub ki, duzsuzlaşdırılmış suyun əldə edilməsi
həm Sumqayıt şəhərinin, həm də ümumilikdə ölkənin su təminatının yaxşılaşdırılmasına
mühüm töhfə verə bilər.
Görüşdə layihənin ətraf mühitə, ekosistemə və sosial mühitə
mümkün təsirləri də xüsusi diqqətlə qiymətləndirilib. Vurğulanıb ki, bütün mərhələlər
mövcud ekoloji standartlara uyğun şəkildə planlaşdırılır və məqsəd əhalinin dayanıqlı,
təhlükəsiz və keyfiyyətli içməli suya çıxışının təmin edilməsidir.
Bələdiyyədən bildirilib ki, Xəzər suyunun duzsuzlaşdırılması zavodu Sumqayıt və ətraf regionlar üçün strateji əhəmiyyət daşıyan layihələrdən biri olmaqla, uzunmüddətli inkişaf hədəflərinə xidmət edəcək.
Sumqayıt bələdiyyəsi
Rəylər
0 Rəy