Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-11-2025 , 19:22

850

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Fəaliyyətimizi sakinlərimizin rifahı naminə daha da təkmilləşdirmək niyyətindəyik : BƏLƏDİYYƏ SƏDRİ YAZIR 


Müstəqil Azərbaycanın gələcək inkişafının yalnız hüquqi dövlət, demokratik və vətəndaş cəmiyyəti quruculuğu, azad sahibkarlıq və bazar iqtisadiyyatının formalaşdırılması nəticəsində mümkün olacağını yaxşı bilən müdrik dövlət xadimi Heydər Əliyev ilk növbədə, bu münasibətləri tənzimləyən yeni qanunvericilik sisteminin, xüsusən də onun əsasını təşkil edəcək Əsas Qanunun - Konstitusiyanın hazırlanıb qəbul edilməsinə çox böyük önəm verirdi.

Məhz onun rəhbərliyi ilə hazırlanmış yeni Konstitusiyanın qəbulundan sonra “Yerli özünüidarə haqqında” Avropa Xartiyasının müddəaları ilə milli, yerli xüsusiyyətlər uzlaşdırılmaqla bələdiyyələrin fəaliyyətini tənzimləyən qanunvericilik bazası yaradıldı.

Beləliklə, Azərbaycan Respublikası ərazisində ilk bələdiyyə seçkiləri keçirilənədək yerli özünüidarə ilə bağlı əsaslı hüquqi baza formalaşdırıldı. Eyni zamanda ölkə bələdiyyələrin normal fəaliyyəti üçün onların maliyyə və  iqtisadi əsasları  da müəyyənləşdirildi. 

Sonrakı mərhələlərdə Möhtərəm Prezidentimiz İlham Əliyevin bələdiyyələrlə bağlı imzaladığı sərəncamlar və qanunlar, qanuna edilən dəyişikliklər eləcə də bu istiqamətdə həyata keçirilən çoxsaylı tədbirlər bələdiyyələrin inkişafına öz müsbət təsirini göstərməkdədir.

Zabrat bələdiyyəsi olaraq biz də qəsəbəmizin iqtisadi-inkişafında, sosial-ictimai həyatında, abadlıq-quruculuq işlərinin aparılmasında yaxından iştirak edirik. Qəsəbəmizdə rəsmi olaraq 30 min nəfərə yaxın əhali qeydiyyatdadır, amma faktiki olaraq əhalinin sayı bu rəqəmdən xeyli çoxdur. Sakinlərimiz əsasən fərdi evlərdə yaşayırlar. Hamımıza məlum olduğu kimi Bakı şəhərinin digər ətraf qəsəbələri kimi Zabrat bələdiyyəsinin ərazisində də çoxsaylı sənədləşdirilməmiş  fərdi yaşayış evləri və onların yerləşdiyi torpaq sahələri mövcuddur. Bələdiyyəmizin  büdcəsi yalnız əmlak və torpaq vergisi hesabına formalaşdığından  vergiödəyici obyekt kimi fərdi yaşayış evlərinin uçota alınması və vergiyə cəlb edilməsi maliyyə təminatımızın əsasını təşkil edir.  Bu sahədə çox böyük çətinliklərlə rastlaşırıq. Sakinlərimizin bir qismi fərdi ev tikərək  uzun müddət  orada yaşamalarına baxmayaraq əmlakın Dövlət reyestr xidmətindən qeydiyyatı ilə bağlı sənədləşmə işləri başa çatdırılmadığından onları nə əmlak nə də torpaq vergisinə cəlb edə bilmirik.  Dövlət qeydiyyatı olan əmlakların vergiyə cəlb edilməsində olan çətinlikləri Milli Assosiasiyanın və Bələdiyyələrlə iş baş idarəsinin dəstəyi ilə aradan qaldırmışıq. Son vaxtlar BAMS proqramının təkmilləşdirilməsi və aparılmış inteqrasiya işləri bu sahədə imkanlarımızı xeyli genişləndirmiş və müəyyən nəticələr də əldə edilmişdir.

Belə ki, bələdiyyənin vergilər üzrə  illik daxilolmalar 2024-cü ildə 2022ci ilə nisbətdə 48,4 min manat və ya 43,2 % artaraq 160 min manat olmuşdur. Ümumilikdə İllik büdcə daxilolmaları isə 44,9 min manat və ya 36,5 % artaraq 168 min manat olmuşdur. Büdcə gəlirlərimizin əhəmiyyətli hissəsi yerli problemlərin həllinə yönəldilmişdir.

Bələdiyyə olaraq fəaliyyət istiqamətimizin bir qolu da qəsəbədə uşaqlar və gənclər arasında təlim-tərbiyənin, milli adət-ənənənin və gənc ailələr arasında ailə təməlinin qorunub saxlanılması istiqamətində görülən işlər olmuşdur. Bu vacib istiqamətdə son illər gördüyümüz işlər barədə qısa məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Zabrat bələdiyyəsinin müvafiq qərarına əsasən “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin, “Gender bərabərliyinin təmin olunması haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında”  Azərbaycan Respublikası Qanunlarının tələblərini əldə rəhbər tutaraq 2021-ci ildə Zabrat Bələdiyyəsinin nəzdində gender komissiyası yaradılmışdır.

Komissiya fəaliyyətə başladığı gündən bu günə qədər təhsildən yayınan səkkiz məktəbli qızdan yeddisinin təhsilinin davam etdirilməsinə, boşanma mübahisəsində olan 9 gənc ailədən 4-ü tərəfimizdən aparılan tədbirlər nəticəsində boşanma ilə bağlı fikirlərindən daşınmağa nail olunmuşdur.

Yeni tədris ilinin başlanması ilə əlaqədar 30 aztəminatlı ailənin məktəbli uşaqlarına dərs ləvazimatları və məktəbli forması verilmişdir.

Hər il 1 iyun “Uşaqların Hüquqlarının Müdafiəsi Günü” münasibəti ilə “Vətən Müharibəsi Şəhidlərinin” övladları üçün əyləncəli tədbirlər keçirilərək onlara hədiyyələr verilmişdir.

Qəsəbədə fəaliyyət göstərən 307 saylı tam orta məktəbin şagirdləri tərəfindən Gender və Məişət zorakılığı ilə baölı “Susma, səsini eşitdir” lahiyəsi çərçivəsində tədbirlərdə iştirak edən  və müxtəlif səhnəciklər göstərən şagirdlərə 49 diplom və 49 hədiyyə verilmişdir.

Anaları vəfat etmiş 3 uşaq tərəfimizdən “Ümüd yeri” uşaq sığınacağına yerləşdirilmişdir. Komissiya üzvləri tərəfindən təhsil və səhiyyə ocaqlarında məişət zorakılılğı ilə bağlı keçirilən sorğuda 260 nəfər iştirak etmişdir. 

1 oktyabr Ahıllar günü münasibəti ilə Zabrat qəsəbəsində yaşayan və 50 il evli olan bir ailə cütlüyünə ziyarət edilmişdir. Onlarla söhbətlər edilmiş, onlara uzun ömür-can sağlığı arzulanaraq, onlar gənc ailələr arasında örnək olaraq göstərilmişdir.

Fəaliyyətimizi sakinlərimizin rifahı naminə daha da təkmilləşdirmək niyyətindəyik. Hesab edirəm ki, bu gün burda qəbul etdiyimiz mühüm qərarlar  gələcək fəaliyyətimizdə bizə dəstək olacaqdır.  


Nailə Nəsirova

Sabunçu rayonunun Zabrat bələdiyyəsinin sədri

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər